"Mərcan" klinikasında ölüm faktı araşdırılır - Nigar Məmmədova plastik cərrah deyil?

Analitik Ekspertiza Mərkəzinə "Mərcan” klinikasında cərrahi əməliyyat olunmuş və daha sonra vəfat etmiş Rusiya Federasiyası vətəndaşı Arzu Sadıqova ilə bağlı vətəndaş müraciəti daxil olub.
Müraciət əsasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, müvafiq əsaslarla plandankənar yoxlama başlanıb.
AFN.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, plandankənar yoxlama zamanı, hər hansı bir hüquq pozuntuları aşkar edilərsə bununla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün materiallar aidiyyəti dövlət orqanlarına təqdim ediləcək.
Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən araşdırmanın məqsədi əməliyyatı həyata keçirən Nigar Məmmədovanın peşəkarlığı və "Mərcan” klinikasının tibbi xidmət üçün lisenziya və icazələrinin olub-olmamasını müəyyənləşdirməkdir.
Qeyd edilib ki, Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Nigar Məmmədovanın adı "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı”nda yer almayıb.
Ölüm faktı ilə bağlı məsələ isə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, icazəsiz tibbi fəaliyyət "Özəl tibb fəaliyyəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaradır.
Xatırladaq ki, Rusiya vətəndaşı Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah, eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.