“Kərimə” dövləti işi üzrə 13 nəfərə ağır həbs cəzası verildi

“Kərimə dövləti” yaratmaq ittihamı ilə 13 nəfərə uzunmüddətli həbs cəzası verildi
Azərbaycanda “Kərimə” adlı qondarma dövlət qurmaq və ağır cinayətlər törətməkdə ittiham edilən 13 nəfərlik dəstə üzvləri ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Qafqazinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin qərarına əsasən:
- Faiq Zeynalov və İlham Şıxəliyev – 17 il,
- Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Vüqar Mədətov və Elgün Ağayev – 16 il,
- Elvin Cəfərov, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli, Məhərrəməli Musayev – 15 il 6 ay,
- Mir Vasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hakim Novruz Kərimovun sədrlik etdiyi məhkəmə heyəti bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış istintaq nəticəsində irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı da təsdiqini tapıb.
Təqsirləndirilən şəxslər dövlət və ictimai xadimlərə qarşı sui-qəsd hazırlama, yetkinlik yaşına çatmayan şəxsləri cinayətə cəlb etmə və digər ittihamlarla təqsirli biliniblər. Onlara qarşı Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, iş üzrə “Real TV” rəhbəri Mir Şahin Ağayev və sabiq təhsil naziri Misir Mərdanov zərərçəkmiş şəxs qismində tanınıblar.
Qafqazinfo