BMT-dən xəbərdarlıq: Dünyada doğuş səviyyəsində misli görünməmiş azalma yaşanır


Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni hesabatına görə, dünya üzrə doğuş səviyyələri tarixdə misli görünməmiş sürətlə azalmaqdadır. Ekspertlər bu vəziyyətin əsas səbəbinin istəyib də uşaq sahibi ola bilməmək olduğunu bildirirlər.

BMT-nin Əhali Fondu (UNFPA) 14 ölkədən 14 min nəfərlə apardığı sorğunun nəticələrini ictimaiyyətlə bölüşüb. Tədqiqata görə, iştirakçıların beşdə biri istədikləri sayda uşaq sahibi olmadıqlarını və ya olmayacaqlarını düşünür.

Tədqiqata Cənubi Koreya, Tayland, İtaliya, Macarıstan, Almaniya, İsveç, Braziliya, Meksika, ABŞ, Hindistan, İndoneziya, Mərakeş, Cənubi Afrika və Nigeriyadan iştirakçılar daxil olub. Bu ölkələr dünya əhalisinin üçdə birini təmsil edir.

İştirakçıların 39 faizi uşaq sahibi ola bilməməyin səbəbini iqtisadi çətinliklərlə əlaqələndirir, yalnız 12 faizi tibbi səbəbləri (qısırlaşma və s.) əsas gətirir. Ev içi yükün paylaşılmasında qeyri-bərabərlik isə qadınlar üçün mühüm əngəl kimi önə çıxır.

UNFPA-nın direktoru Dr. Natalia Kanem nəticələri belə şərh edib:

“Dünya doğuş səviyyəsində misli görünməmiş bir azalma yaşayır. İnsanlar hələ də iki və ya daha çox uşaq sahibi olmaq istəyirlər. Lakin bir çoxu arzuladıqları ailə quruluşunu qura bilmir. Əsl böhran məhz burada yatır.”

Hesabata görə, həm kişilər, həm də qadınlar iqlim dəyişikliyi, müharibələr və iqtisadi qeyri-müəyyənlik kimi gələcəyə dair narahatlıqlar səbəbindən daha çox uşaq sahibi olmaqdan çəkinirlər.

UNFPA bir çox ölkənin aşağı doğuş səbəbindən yaşlanan əhali, işçi qüvvəsi çatışmazlığı və artan pensiya xərcləri ilə üzləşdiyini bildirir. Lakin hesabat bəzi hökumətlərin bu vəziyyəti ailə strukturlarındakı dəyər itkisi ilə izah etməsini doğru saymır.

Kanem qeyd edib ki,

qadınların əmək bazarına qatılması iqtisadi məhsuldarlığı artıran bir amil olduğu halda həll yolunu yalnız daha çox uşaq sahibi olmağa təzyiq göstərməkdə görmək yanıltıcıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu