Yeni antibiotik sepsis və sətəlcəmə qarşı son test mərhələsində

Milyonlarla insanın həyatını xilas etmək potensialına sahib yeni bir antibiotik insan üzərində aparılan testlərin son mərhələsinə daxil olub.
İsveçrənin dərman istehsalçısı "Roche" sətəlcəm və sepsis kimi ciddi kliniki infeksiyalara səbəb olan geniş yayılmış bir bakteriyaya qarşı inkişaf etdirdiyi antibiotikin üçüncü – yəni son test mərhələsinə keçdiyini açıqlayıb.
Harvard Universiteti ilə birgə hazırlanan və zosurabalpin adlanan bu antibiotik dərmanlara davamlı Acinetobacter baumannii bakteriyasına qarşı sınaqdan keçiriləcək.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu bakteriyanı "təcili təhlükə" olaraq tanımlasa da, artıq 50 ildən çoxdur ki, ona qarşı effektiv antibiotik hazırlana bilməyib.
"Roche"un məlumatına görə, faza 3 mərhələsində dünyanın müxtəlif ölkələrindən təxminən 400 xəstə təsadüfi olaraq zosurabalpin və ya standart müalicə alacaq və bu, əsas tədqiqat kimi həyata keçiriləcək.
"Roche"un yoluxucu xəstəliklər üzrə qlobal rəhbəri Maykl Lobritz bildirib ki, “Məqsədimiz ictimai sağlamlıq baxımından ən böyük problemlərdən biri olan antimikrobial müqavimətlə mübarizə üçün yeni innovasiyalara töhfə verməkdir.”
"Roche"un bölməsi olan "Genentech"in baş vitse-prezidenti və immunologiya üzrə qlobal məhsul inkişafı rəhbəri Lerri Tsai isə bildirib ki, “Dərmanlara davamlı bakteriyalar dünyanın hər bir ölkəsində mövcuddur. Bu araşdırmada istifadə olunan innovativ biologiya bakteriya membranlarının quruluşuna dair yeni məlumatlar əldə etməyə imkan verə bilər və bu da gələcəkdə yeni antibiotiklərin kəşfinə səbəb ola bilər.”
Bu yeni dərmanın 2030-cu ilə qədər təsdiqlənəcəyi gözlənilir.
Dünya üzrə sepsis səbəbilə hər il təxminən 11 milyon insanın həyatını itirdiyi hesab olunur. Bu, hər 2,8 saniyədə bir insanın öldüyü deməkdir.
Hər il dünya üzrə 3-4 milyon insanın ölümünə səbəb olan cəmiyyət mənşəli sətəlcəm (CAP) isə xüsusilə yaşlı xəstələr arasında yüksək xəstəlik və ölüm faizinə malikdir.