"A-Qroup Sığorta"nın yığımları 13 faiz azaldı

Bu ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” şirkətinin yığımlarında azalma müşahidə edilib.
Valyuta.az xəbər verir ki, cari ilin ilk dörd ayında sığorta şirkəti 5 milyon 534 min manat sığorta yığımı əldə edib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 856 min manat və ya 13,39% azalma deməkdir. 2024-cü ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” 6 milyon 390 min manat sığorta haqqı toplaya bilib.
Eyni dövrdə sığorta şirkəti 3 milyon 573 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 578 min manat və ya 13,92% azdır. 2024-cü ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” 4 milyon 151 min manat sığorta ödənişi həyata keçirmişdi.
Yığımların azalması fonunda ödənişlərin də azalması ödəniş-yığım nisbətinin dəyişməsinə səbəb olub. Belə ki, 4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 64,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 65 manat olub.
Xatırladaq ki, 1995-ci ildə yaradılan və 2007-ci ildə dövlət qeydiyyatına alınan "A-Qroup Sığorta Şirkəti" ASC 10 005 250 manat nizamnamə kapitalına sahibdir. Şirkətin qanuni təmsilçisi isə Atakişiyev Məmməd Natiq oğludur.