Melanoma bədənin fərqli hissələrində necə yayılır? Alimlər izah etdi

Böyük Britaniyada aparılan yeni bir araşdırma dəri xərçənginin bir növü olan melanomanın bədəndə yerləşmə yerlərinin qadın və kişilər arasında fərqli olduğunu üzə çıxarıb. Bu fərqlərə isə əsasən geyim seçimi, bədən quruluşu və saç düzümü kimi faktorlar təsir göstərir.
İngiltərə Xərçəng Araşdırmaları Fondu (CRUK) tərəfindən aparılan tədqiqatda 2018–2022-ci illər arasında toplanan məlumatlar təhlil olunub. Nəticələrə əsasən, melanoma xəstəliklərinin təxminən 90%-i həddindən artıq ultrabənövşəyi (UV) şüalanma ilə əlaqələndirilir.
Tədqiqatda məlum olub ki, kişilərdə melanoma hallarının dörddə biri sinə, qarın və bel daxil olmaqla üst bədən hissəsində qeydə alınıb. Qadınlarda isə halların üçdə birindən çoxu bel ilə ayaqlar arasındakı sahədə müşahidə olunub.
Alimlər bu fərqliliyin əsas səbəbi kimi kişi və qadın geyimləri arasındakı fərqləri göstərirlər. Geyim seçimləri səbəbilə kişilər üst bədənlərində, qadınlar isə alt bədənlərində günəşin zərərli şüalarına daha çox məruz qalır.
Fizioloji fərqlər də nəticəyə təsir göstərir. Kişilərin yuxarı bədən hissəsi daha iri olduğuna görə daha çox UV şüa toplayır, qadınlarda isə aşağı bədən səth sahəsi nisbətən geniş olur.
Araşdırmada həmçinin saçların UV şüalardan qoruyucu təsiri də qeyd olunub. Bu səbəbdən, kişilərdə baş və boyun bölgəsində melanomaya rast gəlmə riski qadınlara nisbətən təxminən iki dəfə çoxdur.