Təyyarədə sərnişin havada qapıları açmağa çalışdı - Zərərsizləşdirildi

Yaponiyanın paytaxtı Tokiodan ABŞ-ın Texas ştatındakı Hyuston şəhərinə uçan sərnişin təyyarəsində təlaş yaşanıb. Uçuş zamanı təyyarənin qapılarını açmağa cəhd edən sərnişin, ekipaj və digər sərnişinlər tərəfindən zərərsizləşdirilib.
CNN-in məlumatına görə, “All Nippon Airways” aviaşirkətinə məxsus təyyarə 24 may tarixində Tokio Haneda Hava Limanından Hyustondakı Corc Buş Qitələrarası Hava Limanına yola düşüb.
Federal Təhqiqatlar Bürosu (FBI) və Seattle Liman İdarəsinin yaydığı birgə açıqlamada bildirilib ki, təyyarə havada olduğu zaman bir sərnişin iki çıxış qapısını açmağa cəhd edib.
Hadisəyə müdaxilə edən ekipaj üzvləri və digər sərnişinlər həmin şəxsi zərərsizləşdirib. Təyyarə dərhal istiqamətini dəyişərək Seattle-Tacoma Beynəlxalq Hava Limanına eniş edib.
Hadisədən sonra qapıları açmağa çalışan sərnişinin tibbi müayinə üçün xəstəxanaya aparıldığı bildirilib. Həmçinin uçuşun gecikməsinə əsəbləşən başqa bir sərnişinin tualet qapısını yumruqladığı və nəticədə təyyarədən endirildiyi qeyd olunub.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məsələ ilə bağlı açıqlamasında “Əldə olunan hesabatlara əsasən, təyyarə sərnişinin narahatlıq yaratması səbəbilə başqa bir hava limanına yönləndirilib” deyə bildirib.
Hadisədən sonra təyyarənin Hyustona getmək üçün yenidən havaya qalxdığı məlumat verilib.