Azərbaycanda yeni informasiya sistemi yaradılır

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır.
Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.
Həmin sistemdən sorğu əsasında əldə edilən və sistemə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.
Qeyd olunub ki, vahid informasiya sisteminin yaradılması bələdiyyələr tərəfindən yarana bilən korrupsiya amillərinin aradan qaldırılmasına və şəffaflığın artırılmasına xidmət edəcək.
Eyni zamanda qeyd etmək lazımdır ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun layihəsində sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi də təklif olunur.
Qanun layihəsində təklif olunan digər dəyişikliklər isə bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.
Qafqazinfo