"Araz-Naxçıvan" "bürünc medal" və ilk dəfə Avropaya vəsiqə qazandı

Misli Premyer Liqasında XXXV tura start verilib.
Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.
"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.
"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. "Qartallar"ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.
İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.
"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. Bu, Naxçıvan təmsilçisi üçün ilk olacaq. "Şamaxı" 36 xalla yeddincidir.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.