Təbiətə zərər vuran şirkətlərlə bağlı iş məhkəməyə göndərilib

Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı ETSN-dən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla Zaqatalanın Aşağı Tala kəndində “Azeri-M” firmasının vəzifəli şəxsi tərəfindən atmosfer havasına zərərli maddələr atılması, “Dolomit” MMC və “Euroline” MMC-nin vəzifəli şəxsləri tərəfindən Kiş çayının sahilindəki karxananın fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələrin atılması, həmçinin vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) və 234.0.1-ci (müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Şəki, Zaqatala və Nərimanov rayon məhkəmələrinə göndərilib.