Beş rayonda ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.


Bu barədə AFN.az-a Baş Prokurorluqdan bildirilib.

Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu