Hövsanda evdə partlayış: Ölən və xəsarət alan var - YENİLƏNİB

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 22-si saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Daha 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə partlayış olub.
AFN.az “Report”a istinadən xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.