Rüsumlar Trampın özünün sərvətini də "vurdu" - 500 milyon dollar azalma var

ABŞ prezidenti Donald Trampın sərvəti keçən həftə yeni tariflər elan etməsindən sonra 500 milyon dollar azalıb.
AFN.az xəbər verir ki, bu haqda "Forbes" jurnalı yazıb.
Jurnalın hesablamalarına görə, Trampın sərvəti onun şirkətlərindəki səhmlərin dəyərinin azalması səbəbindən 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb. Xüsusilə, onun "Trump Media and Technology Group" şirkətinin kotirovkaları 8 faiz azalaraq 170 milyon dollar kapitallaşma itirib. Trampın daşınmaz əmlak və xidmət aktivləri də itkilərə məruz qalıb.
Aprelin 2-də ABŞ prezidenti 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.
10 faizlik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25 faizlik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.