ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini araşdıran beynəlxalq qrupu tərk edəcək

ABŞ Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı Rusiyanın hərəkətlərinin araşdırılması üçün nəzərdə tutulan beynəlxalq mərkəzdən çıxmağa qərar verib.
AFN.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları bu barədə daha əvvəl avropalı həmkarlarına məlumat veriblər. Nəşrin mənbələri dəqiqləşdirib ki, Vaşinqton bu qərarı rəsmi olaraq bu gün elan edəcək.
Birləşmiş Ştatlar sözügedən təşəbbüsə 2023-cü ilin noyabrında Ağ Evin əvvəlki rəhbəri Co Baydenin dövründə qoşulub. Qəzetin mənbələri qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu qrupdan çıxmaq qərarını dövlət xərclərinin yenidən bölüşdürülməsi zərurəti ilə izah edir.
Onların fikrincə, ABŞ Ədliyyə Nazirliyi də Rusiyanın hərəkətlərinin araşdırılması məsələsində Ukrayna ilə əməkdaşlığın miqyasını azaldır.