Ətirli şamlar dizel mühərrikləri qədər hava çirkliliyi yarada bilər

Mütəxəssislər ətirli şamların və əridilmiş ətirli mumun qapalı yerlərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə artıra biləcəyini aşkar ediblər. Araşdırmaya görə, bu məhsullar dizel mühərrikləri və qaz sobaları ilə eyni səviyyədə hava çirkliliyi yarada bilər.
ABŞ və Almaniya alimlərinin apardığı araşdırmada müəyyən edilib ki, ətirli şamlar və buna bənzər məhsulların buraxdığı uçucu üzvi birləşmələr (VOC) ozonla qarşılıqlı əlaqəyə girərək nanoskopik hissəciklər əmələ gətirir.
Bu hissəciklər ağciyərlərə nüfuz edəcək qədər kiçik olduqları üçün sağlamlıq riski yaradır. Əvvəlki araşdırmalar belə incə hissəciklərin ürək və tənəffüs xəstəlikləri ilə əlaqəli ola biləcəyini göstərib.
Purdue Universitetinin inşaat mühəndisi Brandon Bur "Qapalı məkanlarda hava hissəciklərinin necə əmələ gəldiyini başa düşmək üçün ən kiçik nanohissəciklərin belə ölçülməsi lazımdır" deyib. Bur ətir məhsullarının ozonla reaksiya verdiyini, havanın kimyəvi quruluşunu dəyişdirdiyini və sürətlə yayılan molekulyar klasterlər yaratdığını söyləyib.
Tədqiqatçılar bu nanohissəcikləri aşkar etmək üçün qabaqcıl ölçü alətlərindən istifadə ediblər. Kiçik bir ev mühitində aparılan təcrübələrdə, ətirli şamların və mum ərimələrinin yanma prosesi olmasa belə, havaya yüksək səviyyədə uçucu birləşmələr buraxdığı aşkar edilib. Çünki bu məhsullar şamdan daha böyük səth sahəsini qızdırır və daha çox qoxu yayır.
Tədqiqatçılar 20 dəqiqə istifadədən sonra milyardlarla nanohissəciklərin tənəffüs sisteminə daxil ola biləcəyini və bunun sağlamlığa tam təsirinin məlum olmadığını vurğulayıblar.
Purdue Universitetindən Nusrat Cunq "Ətir məhsulları təkcə xoş qoxular yaymır, həmçinin nanohissəciklərin yüksək konsentrasiyaları yaradaraq daxili havanın kimyasını dəyişdirir. Bunun sağlamlıq baxımından əhəmiyyətli nəticələri ola bilər" deyib.
Alimlər bildirirlər ki, qapalı havanın çirklənməsi ilə bağlı araşdırmalar açıq havanın çirklənməsi qədər əhatəli olmasa da, eyni dərəcədə zərərli ola bilər. Əvvəlki tədqiqatlar yağ əsaslı diffuzorların, hava təravətləndiricilərinin və təmizləyici məhsulların da qapalı məkanlarda yüksək səviyyədə nanohissəciklər buraxdığını göstərib.
Tədqiqatçılar vurğulayıblar ki, bina dizaynları və havalandırma sistemləri bu daxili çirkləndiricilərə qarşı daha həssas olmalıdır. Cung bildirib ki, təbii meşə havası yaratmağa çalışarkən, əslində, içəridə nəfəs almamalı olan yüksək səviyyəli kimyəvi hissəciklər yaradırıq.
Araşdırma "Environmental Science & Technology Letters" jurnalında dərc olunub.