İtaliyada bəzi dövlət qurumlarının internet saytlarına kiberhücum edilib

İtaliyada bəzi dövlət qurumlarının internet saytlarının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir.
Milli KİV-in məlumatına görə, rusiyayönlü “NoName057” adlı haker qrupunun "Telegram"dan həyata keçirdiyi kiberhücumlarda İtaliya Biznes və Made in Italy Nazirliyi ilə Maliyyə Polisinin internet saytları və Daxili İşlər və Maliyyə nazirliklərinə aid bəzi alt saytların zərər çəkdiyi bildirilib.
İtaliya prezidenti Sercio Mattarella fevralın 5-də Fransanın Marsel Universitetində fəxri doktorluq dərəcəsi aldığı mərasimdə çıxışı zamanı Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etdikdən sonra dünən Rusiyayönlü hakerlər bəzi tənqidi təşkilatların saytlarını hədəfə alıblar.
Milan Malpensa hava limanı, Milan Linate hava limanı, Taranto və Trieste limanları, həmçinin Intesa San Paolo bankının onlayn sistemlər və internet saytları kiberhücumlara məruz qalıb.
Mattarellanın bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.