Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır? - ekspert


2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib və bunun üçün 7 milyon 108 min manat xərclənib.


AFN.az xəbər verir ki, bu barədə məlumat iqtisadçı ekspert Natiq Cəfərlinin ölkədə tədavülə yeni dizaynlı 3 qəpiklik sikkənin buraxılması ilə bağlı şərhində əksini tapıb. N.Cəfərli bu ilin məlumatlarını tapıb analiz edə bilmədiyini bildirib və 2023-cü ilin yanvar-noyabr ayları üzrə göstəricilər üzərində məsələni şərh edib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib. Ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gəlib: "Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub. Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub. 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir".
Ekspert qeyd edib ki, əpiklər müxtəlif maretallardan hazırlanırlar. Belə ki,1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanır: "İstənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi, təqribən, 25-30 qəpiyə başa gəlir.
Mən anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır, amma məntiq var da, 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahaçılıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır? Bəlkə kimlərinsə bu sikkələrin hazırlanmasında, daşınmasında marağı var? Dövlətin marağı ola bilməz, mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır axı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu