NATO hərbi xərclər həddini ÜDM-in 3 faizinə qaldıra bilər
NATO 2025-ci ildə hərbi xərclər üçün yeni həddi ÜDM-in 2%-dən 3%-ə qaldıra bilər. Bu, ittifaq ölkələrinin silah istehsalı ilə bağlı yeni hədəflərə çatmaq üçün zəruridir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, gələn ilin iyununda keçiriləcək sammitdə tankların, təyyarələrin və digər silah sistemlərinin sayı üzrə yeni konkret hədəflər qəbul ediləcək və bu, müttəfiq ölkələrin məcburi müdafiə xərclərinin ÜDM-in 3%-nə qədər artırılmasını tələb edə bilər.
Alyans artıq hərbi xərclərin səviyyəsini artırmaq üçün hazırlıq kampaniyasına başlayıb, xüsusən də baş katib Mark Rutte son bir ayda ÜDM-in 2%-nin tamamilə qeyri-kafi olduğunu dəfələrlə bəyan edib.
NATO ölkələrinin hərbi xərclərinin artırılmasını ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da tələb edir. O, 2016-cı ildə blokun Brüsseldə keçirilən sammitində, ilk prezidentlik dövründə Aİ liderlərinə 4%-i ədalətli xərclər səviyyəsi hesab etdiyini bəyan edib.