Qvineyada stadionda baş verən faciə ilə əlaqədar 3 günlük milli matəm elan edilib
Qvineyanın cənub-şərqində stadionda izdihamda həyatını itirənlər üçün üç günlük milli matəm elan edilib.
Hökumətin verdiyi açıqlamada Konakridən təxminən 850 kilometr məsafədə yerləşən N'Zerekore şəhərində keçirilən General Mamadi Doumbouya futbol turniri zamanı stadionda yaranan izdihamda həyatını itirən 56 nəfərin xatirəsinə 3 günlük matəm elan edildiyi açıqlanıb.
Baş nazir Bah Ourinin rəhbərlik etdiyi nümayəndə heyəti də yoxlamalar aparmaq üçün N'Zerekore şəhərinə gedib.
Bazar günü N'Zerekore və Labe komandaları arasında keçirilən matçda hakimin meydan sahiblərinin qapısına penalti verməsi ilə stadionda insident yaşanıb.
Polis Labe azarkeşlərinin hakimə hücumunu dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib və azarkeşlər polisə daşla cavab veriblər.
İzdihamda aralarında uşaqların da olduğu 56 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Mənbə: AA