İşiba və Noda Yaponiyanın baş naziri seçkilərinin ikinci turuna çıxıblar
Yaponiya Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Şiqeru İşiba və ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasının sədri Yoşihiko Noda parlamentdə keçirilən ölkənin baş naziri seçkilərinin ikinci turuna çıxıblar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, baş nazirin təyin edilməsində prioritet olan əsas 465 üzvdən ibarət aşağı palatada səsvermədə İşiba 221, əsas rəqibi isə 151 səs toplayıb. Qalib gəlmək üçün namizəd etibarlı səslərin yarıdan çoxunu almalıdır.
Oktyabrın 27-də keçirilən növbədənkənar seçkilərə qədər hakim partiya statusuna malik olan LDP hətta Komeito partiyası ilə koalisiyada da 233 mandat çoxluğunu itirib və buna görə də ilk turda İşibanın seçilməsini təmin edə bilməyib. Lakin müxalifət sıralarında yaranan fikir ayrılıqlarına görə Noda da uğur qazana bilməyib. Yerli müşahidəçilərin fikrincə, ikinci turun favoriti İşibadır. O, seçilərsə, azlıq hökuməti quracaq.