ABŞ Seçkiləri 2024: Kimin qalib gəldiyi nə vaxt məlum olacaq?
Amerikalılar bu gün gələcək prezidentlərini müəyyən etmək üçün səs verəcəklər. Yarışın nə qədər yaxın olacağından asılı olaraq nəticələrin bilinməsi bir neçə saat, bir neçə gün və hətta həftələr çəkə bilər.
Hazırkı vitse-prezident və Demokratlar Partiyasının namizədi Kamala Harris ilə keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında yarış həftələrdir ki, gərgin gedir.
Sorğular göstərir ki, namizədlər milli və əsas ştatlarda bir-birinə çox yaxındırlar.
Bu yaxınlıq bəzi ştatlarda səslərin yenidən sayılmasını tələb edə bilər.
Qərarsız seçicilərin nəticəni təyin edəcəyi 7 kritik ştat da daxil olmaqla bir çox bölgədə 2020-ci il seçkilərindən sonra səslərin sayılması sistemi dəyişdirilib.
Bu səbəbdən bu bölgələrdən nəticələrin daha yavaş gedə biləcəyi qeyd edilir.
Digər tərəfdən, Miçiqan kimi bəzi yerlərdə səslərin hesablanması sürətlənib. Covid19 zamanı keçirilən əvvəlki seçki ilə müqayisədə poçtla daha az səs veriləcək.
Bütün bunları nəzərə alsaq, nəticələr seçkidən sonrakı saatlarda, ertəsi səhər, sonrakı günlər və ya həftələr sonra mümkün təkrar hesablamalarla aydınlaşa bilər.
Mənbə: BBC