"Trendyol" Azərbaycanda hədəflərini açıqladı
"Trendyol" Azərbaycanda fəaliyyətə başladığı 1,5 ildə 2 milyon müştəriyə xidmət göstərib.
AFN.az xəbər verir ki, bunu "Trendyol Group"un baş icraçı direktoru Erdem İnan deyib. O qeyd edib ki, 2030-cu ilə qədər ticarət həcmində hər il 13 faizlik artım gözlənilir: "2028-ci ilə qədər illik 1 milyard həcmində ticarət gözləyirik. Həmin dövrə 3 milyon müştəriyə xidmət hədəfləmişik. Biz "Paşa Holdinq"lə birgə Azərbaycana ildə 60 milyon məhsul çatdırmaq niyyətindəyik. Bu potensial var və ondan istifadə edəcəyik. Məqsədimiz Azərbaycanda uzunmüddətli fəaliyyət göstərmək, fərqli sahələrdə mövcud olan ekosistemin inkişafına töhvələr verməkdir. Bu istiqamətdə müxtəlif tədbirlər, layihələr reallaşdıracağıq".
E.İnan bildirib ki, Azərbaycanın da bir sıra məhsulları "Trendyol"un fəaliyyət göstərdiyi ölkələrə çıxarılacaq: "Bu sahədə biz ABAD-la olan əməkdaşlığımızı misal göstərə bilərik. ABAD-ın məhsullarını həm ölkə daxilində, həm "Trendyol"un fəaliyyət göstərdiyi digər bazarlarda satırıq. Bunun davamı da olacaq. "