FİDE Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib.
Bu barədə 1924-cü ildə Parisdə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının yüz illiyinə həsr olunmuş FİDE-nin qala-ziyafətində məlumat verilib.
“Maqnus Karlsen norveçli qrossmeyster və şahmat üzrə beşqat dünya çempionudur. O, həmçinin hazırkı beşqat sürətli şahmat üzrə dünya çempionu, yeddiqat dünya blits çempionu və FİDE Dünya Kubokunun qalibidir. Karlsen 2011-ci il iyulun 1-dən dünya şahmat reytinqində birinci yerdədir”, - federasiyanın saytında deyilir.
Qeyd edək ki, Karlsenin 33 yaşı var və norveçli Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə qoruyub.