ABŞ Alyaskaya qoşun yeridir

Rusiyanın ABŞ-ın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ ordusu bu bölgəyə qoşun yeridib.
Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgələrini əhatə edən “Okean-24” hərbi təlimləri narahatlıq doğurub.
Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ ordusu Alyaska yarımadasının cənub-qərb uzantısını təşkil edən Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərib.
Şimali Amerika üçün aerokosmik mühafizəni təmin edən ABŞ və Kanadanın birgə təşkilatı olan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) 11 sentyabr, 13 sentyabr, 14 sentyabr tarixlərində Alyaska sahillərində Rusiya hərbi təyyarələrini aşkar etdiyini bildirib.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında Rusiyanın 8 hərbi təyyarəsi və 2-si sualtı qayıq olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin ABŞ hava məkanını pozmadığı bildirilib.
“Güc Proyeksiyası” adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri keçən həftə Alyaskanın Ankoric şəhərindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib.
Bildirilib ki, bölgəyə ezam olunan əsgərlər özləri ilə yüksək hərəkət qabiliyyətinə malik 2 artilleriya raket sistemi (HİMARS) gətiriblər.