Pentaqon 3 uçan naməlum obyekti vurdu - Yadplanetlilər ola bilərmi?


Amerikanın hava məkanında bir neçə gün ərzində üç ayrı-ayrı naməlum obyektin görünməsi ilə bağlı müəmmalar artıb.

AFN.az xəbər verir ki, ABŞ ordusunun Kanada sərhədində Huron gölü üzərində daha bir uçan naməlum obyekti vurduğu bildirilir. Sosial şəbəkələrdə “ABŞ UFO vurdu” iddiası yayılıb. Əslində iddialar əsassız da deyil. Bundan əvvəl Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) Çin şarı və Alyaska və Kanada üzərində naməlum obyektləri vurmuşdu. Ardınca isə bu dəfə ABŞ-Kanada sərhədində uçan naməlum obyekt üçün hərəkətə keçib. Məlum olub ki, NORAD ABŞ-Kanada sərhədindəki Miçiqan və Huron göllərinin ərazisini uçuş üçün qısa müddətə bağladıqdan sonra daha bir naməlum obyekti zərərsizləşdirib.

"Pentaqon Böyük Göllər Bölgəsindəki əməliyyatlarla bağlı mənimlə əlaqə saxladı. ABŞ ordusu Huron gölü üzərində yeni obyekt vurdu" - deyə Miçiqan Nümayəndəsi Respublikaçı Cek Berqman öz Twitter hesabında bildirib. Ehtiyatda olan general-leytenant Berqman yazıb ki, ABŞ ictimaiyyəti sözügedən yüksəklikdəki obyektlərlə bağlı suallara cavab gözləyir.

Yaranan söz-söhbətlərə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder verdiyi yazılı açıqlamada münasibət bildirib. O, sözügedən obyektin ABŞ prezidenti Co Baydenin göstərişi ilə ABŞ F-16 təyyarəsi tərəfindən vurulduğunu bildirib. Obyektin 20.000 fut yüksəklikdə uçduğunu ifadə edən Rayder bildirib ki, bu obyektin marşrutu və hündürlüyü mülki aviasiya üçün təhlükəli ola bilərdi, ona görə vurulub. Rayder obyektin vurulduğu yerin quruda mümkün zərərin qarşısını almaq və obyektin qalıqlarının toplanmasının asanlaşdırılması üçün seçildiyini bildirib.

"Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bazar günü səhər obyekti aşkar etdi və vizual və radar izləməni davam etdirdi. Uçuş yolu və radar məlumatlarına əsasən, obyektin Montanadakı həssas müdafiə zonaları üzərindən alınan radar siqnalı ilə əsaslı şəkildə uyğunlaşdığını söyləyə bilərik. Biz bunu heç bir şey üçün kinetik hərbi təhlükə hesab etmirdik, lakin onun uçuşlara təhlükə yarada biləcəyinə və potensial müşahidə imkanlarına görə təhlükə hesab edirdik”.

Hadisənin detallarına gəldikdə, bildirilir ki, NORAD nüvə silahlarının yerləşdirildiyi Montana əyaləti üzərində anormal radar fəaliyyəti təsbit etdiyi səbəbiylə bölgəni qısa müddətə uçuşlara bağlayıb, lakin araşdırmada radar təsbitləri ilə əlaqəli hər hansı obyekt tapa bilmədiklərini açıqlayıb.

Qeyd edək ki, ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində əvvəllər aşkar etdiyi, yüksək hündürlükdə uçan Çin hava şarını vurub. Fevralın 9-da isə Alyaska üzərində görünən naməlum obyekti zərərsizləşdiriblər. Bundan iki gün sonra - fevralın 11-də Kanadanın Baş naziri Castin Trudeau ABŞ ilə əməkdaşlıq çərçivəsində yüksəklikdə uçan obyekti Yukon bölgəsi üzərində vurduqlarını açıqlayıb. Nəticədə son 10 gündə ABŞ hərbçiləri 4 hava elementini, o cümlədən Çinin yüksək hündürlükdə uçan hava balonunu və 3 naməlum obyekti vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu