Yazgül Abdıyeva sosial şəbəkələrdə yayılan mənfi məlumatlara qarşı birgə mübarizəyə çağırdı


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.


AFN.az xəbər verir ki, görüşdə çıxış edən Sağlamlığın Qorunması İctimai Birliyinin sədri dr. Yazgül Abdıyeva birliyin fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. O, birliyin əsas məqsədinin cəmiyyətin sağlamlığına xidmət etmək və insanların rifahını artırmaq olduğunu vurğulayıb. Yazgül Abdıyeva, xüsusilə, sosial şəbəkələrdə yayılan mənfi məlumatların cəmiyyətə olan təsirləri barədə danışıb və bu cür məlumatların insanların psixologiyasına ciddi zərər verə biləcəyini qeyd edib. O, bu məlumatların bəzi hallarda hətta intihara səbəb ola biləcəyini bildirərək, bu problemin ciddiliyini diqqətə çatdırıb. Y.Abdıyeva belə qeyri-etik və mənfi məlumatların yayılmasına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Görüş zamanı Yazgül Abdıyeva gənclər arasında narkomaniya və siqaret istifadəsinin yayılmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər planının hazırlanmasının əhəmiyyətini də önə çəkib. O, bu istiqamətdə maarifləndirmə işlərinin artırılmasının vacibliyini qeyd edərək, gənclərin sağlam gələcək qurmaq üçün düzgün məlumatlandırılmasının önəmini vurğulayıb.
QHT rəhbəri kütləvi informasiya vasitələrində, xüsusən televiziya kanallarında senzuranın gücləndirilməsinin vacibliyini bildirib. O, mənfi xəbərlərin cəmiyyətdə aqressiyaya səbəb ola biləcəyini və bu səbəbdən daha məsuliyyətli yayım siyasətinin həyata keçirilməsinin zəruri olduğunu deyib. Bundan əlavə, Yazgül xanım orta məktəblərdə psixoloqların fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb, çünki bu, gənclərin psixoloji sağlamlığının qorunmasına mühüm töhfə verə bilər.
Yazgül Abdıyeva çıxışının sonunda sosial şəbəkələrdə yayılan mənfi məlumatlara qarşı mübarizənin daha təsirli olması üçün genişmiqyaslı əməkdaşlıq təklif edib. O, bu mübarizədə media, Daxili İşlər Nazirliyi, TƏBİB və qeyri-hökumət təşkilatlarının birgə səylərinin birləşdirilməsi ilə forum-seminarların təşkil edilməsini təklif edib. Bu tədbirlər, yalnız maarifləndirmə işlərinin gücləndirilməsinə deyil, eyni zamanda, cəmiyyətdə mənfi tendensiyaların qarşısının alınmasına da xidmət edəcək. Y.Abdıyeva bu cür təşəbbüslərin cəmiyyətin mənəvi və psixoloji sağlamlığı üçün vacib olduğunu qeyd edərək, belə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxlər iştirak edib.
İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu