Hər kəs özünün həkimi olmalıdır - Yazgül Abdıyeva




"Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) təhlükəsi hələ də davam edir. Bu səbəbdən digər ölkələrdə olduğu kimi, ölkəmizdə də koronavirusla mübarizə çərçivəsində bir sıra tədbirlər görülür, maarifləndirmə işləri həyata keçirilir. Aparılan qabaqlayıcı tədbirlər düzgün və yerində icra olunur. Görülən işlər insanlara psixoloji baxımdan da müsbət təsir göstərir. Çünki bu kimi virusların yayılmasının qarşısının alınması üçün lazımi addımlar atılmış olur. İnsanlar koronavirusun Azərbaycanda kütləvi yayılmasının qarşısının alınmasından qismən də olsa rahatlıq tapırlar. Həyata keçirilən tədbirlərin sayəsində uğurlu nəticə əldə olunub. Hazırda son statistik məlumatlara əsasən, Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 1854 nəfərə bərabərdir. Onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, ölənlərin sayı isə 25 nəfərdir. 464 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir".



Bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. O, qeyd edib ki, Azərbaycan hökuməti əhalinin virusa yoluxmasının qarşısını almaq məqsədilə ölkədə xüsusi karantin rejimi tətbiq edir: "Aprelin 27-dən etibarən isə ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq karantin rejiminin bir sıra məhdudiyyətləri yumşaldılıb. Nazirlər Kabinetinin son qərarına əsasən karantin rejimi mayın 31-dək uzadılsa da, mayın 4-dən növbəti yumşaldılma tədbirlərinin tətbiqi nəzərdə tutulur. Bu qərara koronavirusla mübarizədə əldə olunan müsbət tendensiyadan sonra gəlinib. Bununla belə qətiyyən arxayınlaşmaq olmaz. Bu rahatlaşmadan istifadə edərək bəzi vətəndaşlar koronavirus təhlükəsinin sovuşduğunu düşünür, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə laqeyd yanaşırlar. Belə etinasızlıq xəstəliyə yoluxma sayında yenidən artıma səbəb ola bilər. Hətta COVID-19 infeksiyasından sağalan insanlar özlərini qorumasalar, qaydalara əməl etməsələr, təkrar yoluxma halı qeydə alına bilər. Bu da karantin rejiminin qaydalarının sərtləşdirilməsini qaçılmaz edir.

Ona görə də mütləq qaydada tətbiq edilmiş ümumi və gigiyenik qaydalara əməl edilməlidir. Vətəndaş olaraq biz də dövlətin həyata keçirdiyi tədbirlərə töhfə verməli, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik. Qorxuya və panikaya ehtiyac yoxdur, bununla immunitetimizi də zəiflətmiş olacağıq. Ona görə əhvalımızı yüksək tutmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət etməliyik. Ehtiyac olmadıqca küçəyə çıxmamalıyıq. İnsanlar bilməlidirlər ki, qabaqlayıcı tədbirlərə əməl etdikləri halda özlərini və yaxınlarını virusdan qorumuş olacaqlar".

Y.Abıyevanın sözlərinə görə, hər kəs özü özünün həkimi olmalıdır: "Əsas qaydalara əməl etməyi unutmamalıyıq: izdiham yaratmamaq, insanlarla əlaqə zamanı ən azı 1 metr məsafə saxlamaq, əlləri daim sabunla yumaq, maska və əlcəkdən istifadə etmək, göz, burun və ağıza əllə təmas etməmək, vacib olmadığı halda yaşayış yerini tərk etməmək, narahatlıq hiss edilərsə həkimə müraciət etmək. İnanıram ki, tezliklə dünya bu virusdan qurtulacaq. Eyni zamanda, düşünürəm ki, əhalinin maarifləndirilməsi məqsədilə mətbuatda maarifləndirici məlumatlara daha geniş yer verilməlidir", - deyə Y.Abdıyeva diqqətə çatdırıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu