BMT: Nigeriyada terror aktları nəticəsində 4500 dinc sakin həyatını itirib


BMT Nigeriyanın şimal-şərqində Boko Haramın fəallıq göstərdiyi üç əyalətində ötən il baş verən terror hücumlarında 4500 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.



Birləşmiş Millətlər Təşkilatının (BMT) Regional Ofisinin rəhbəri David Lubari Lominyo bildirib ki, Boko Haramın fəaliyyətinin intensiv olduğu Nigeriyanın şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində ötən il baş verən terror hücumlarında 4500 mülki vətəndaş həyatını itirib.

BMT-nin Yobe əyalətindəki Regional Ofisinin rəhbəri David Lubari Lominyo Ümumdünya Humanitar Günü ilə bağlı verdiyi açıqlamada terrorçuların davam edən zorakılıq və ayrı-seçkiliksiz hücumlarına görə mülki şəxslərin müdafiəsinin əsas narahatlıq doğurduğunu bildirib.

2023-cü ildə Nigeriyanın şimal-şərqində törədilən terror aktları nəticəsində 4500 mülki şəxsin həyatını itirdiyini bildirən Lominyo, bu məlumatların BMT baş katibinin silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi ilə bağlı 2024-cü il hesabatından götürüldüyünü qeyd edib.

Hücumların Adamava, Borno və Yobe əyalətlərində ciddi təhlükəsizlik, humanitar, sosial-iqtisadi və siyasi təsirlərinin davam etdiyini bildirən Lominyo, şimal-şərqdə 230 min uşağın həyatı qida çatışmazlığı və ağır böhran səbəbiylə təhlükə altında olduğunu vurğulayıb.

Lominyo bütün tərəfləri, o cümlədən təhlükəsizlik agentlikləri və terror qruplarını zorakılığı dayandırmağa, mülki aktivləri qorumağa və uşaqlara tam həyat yaşamaq şansı verməyə çağırıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu