Koronavirus gözlənilən orta ömür müddətini 2 ilə yaxın qısaldıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən ömür uzunluğunun təxminən 2 il azaldığını açıqlayıb.
ÜST-nin saytında verilən açıqlamada, COVID-19 epidemiyası zamanı dünyada orta ömür uzunluğundakı irəliləyişlərin tərsinə çevrildiyi bildirilib. Qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, epidemiya 2 ildə gözlənilən ömür uzunluğundakı 10 illik artımı geri çevirib.
Qebreyesus, gələcək nəsilləri qorumaq üçün ölkələrin qlobal epidemiya sazişi üzərində razılaşmalı olduğunu vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2024" hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri Covid-19 epidemiyasından ən çox təsirlənən yerlərdir. Hesabatda Covid-19-un 2020 və 2021-ci illərdə Amerika qitəsində ən çox görülən ölüm səbəbi olduğu vurğulanıb.
Digər tərəfdən, hesabatda Qərbi Sakit Okean ölkələrinin Covid-19 epidemiyasının ilk iki ilində virusdan minimal təsirləndiyi bildirilib.
Gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığının statistik göstəricisidir.