Zelenski şəxsi təhlükəsizlik rəisini işdən çıxarıb
Ukrayna rəsmiləri Rusiyanın Ukrayna prezidentinə və Kiyevin Rusiya işğalına müqavimətində əsas rol oynamış bəzi yüksək rütbəli hərbçilərə qarşı sui-qəsdin qarşısını aldığını elan etdikdən sonra Ukrayna prezidenti Volodimir Zelenski dünən şəxsi təhlükəsizlik rəisini vəzifəsindən azad edib.
Ukrayna prezidenti Volodimir Zelenski Sergey Leonidoviç Rudun Ukraynanın Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) çərşənbə axşamı yaydığı xəbərdə Ukrayna prezidentinə sui-qəsd hazırlayan Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) agent şəbəkəsini məhv etdiyini və iki ukraynalını polkovniki həbs etdiyini açıqlayıb.
SBU-nun bəyanatında bildirilir ki, hərbi və siyasi sferanın digər yüksək səviyyəli nümayəndələri də, o cümlədən hərbi kəşfiyyatın rəhbəri Kirilo Budanov və SBU-nun rəhbəri Vasil Malyuk da hədəfə alınıb.
Xatırladaq ki, Kiyev 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan bəri prezident Zelenskiyə qarşı çoxsaylı sui-qəsd cəhdləri barədə məlumat vermişdi.
Qeyd edək ki, Rusiyanın Ukrayna hərbi və təhlükəsizlik aparatında agentlərinin olduğu çoxdan məlumdur.