Ədliyyə Nazirliyinin daha iki vəzifəli şəxsi işdən çıxarıldı
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini və Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsindən azad edilib.
Məlumata görə Ədliyyə naziri Fərid Əhmədov imzaladığı əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb.
Bu barədə "Qaynarinfo" məlumat yayıb.
Qeyd edək ki, o, 2018-c ilə qədər Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb və həmin ildə Ədliyyə Nazirliyinə təyinat alıb. Uzun müddət Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edib.
Xatırladaq ki, bu ilin aprel ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Hüseynov Toğrul Aydın oğlu rəis təyin edilib. Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.
Bundan əlavə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımov da vəzifəsindən azad edilib.
"AzPolitika"nın verdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edilir ki, Elçin Qasımov ötən ilin avqust ayında sözügedən vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin rəisi idi.