İngiltərədə iranlı jurnalist bıçaqlanıb


İngiltərədə yayımlanan İran Beynəlxalq kanalında proqram təqdim edən Pouria Zeraati Londonda evinin qarşısında bıçaqla hücuma məruz qalıb.


London Metropoliten Polisindən verilən açıqlamaya görə, şəhərin cənubundakı Uimbledonda yaşayan Zeraati evinin qarşısında 30 yaşlarında bir şəxs tərəfindən bıçaqlanıb.

Zeraatinin həyatının təhlükədə olmadığını açıqlayan London polisi hücumun səbəbi dəqiq olmasa da, onun çalışdığı "İran İnternational"ın müxtəlif təhdidlərə məruz qalan bir televiziya kanalı olduğunu bildirib.

London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin rəhbəri Dominik Merfi, "İran İnternational"a qarşı xeyli təhdidlərlə qarşılaşdıqlarını qeyd edərək, hücumun bir çox fərqli səbəbə görə baş verə biləcəyini və hər ehtimalı dəyərləndirdiklərini söylədi.

Uimbldon bölgəsində polis fəaliyyətinin artırılacağını qeyd edən Mörfi şahidlərdən və məlumatı olanlardan polisə müraciət etmələrini istəyib.

Bəyanatda İngiltərədə İranla bağlı hərəkətlər və hücum cəhdləri ilə bağlı təfərrüatlar da paylaşılıb.

Açıqlamada son 2 ildə İngiltərədə yaşayan iranlılara qarşı çoxlu adam oğurluğu və sui-qəsd cəhdlərinin olduğu, fars dilində yayımlanan və ya İranla bağlı yayımlanan media qurumlarına təhlükəsizlik dəstəyinin verildiyi bildirilib.

Ölkənin ən böyük jurnalist təşkilatlarından biri olan Milli Jurnalistlər Birliyinin (NUJ) baş katibi Mişel Stanistreet yazılı açıqlamasında Zeraatinin bıçaqlanmasını "şok hadisə" adlandırıb.

2022-ci ildə İngiltərədə iki iranlı jurnalistə hücum cəhdinin olduğunu xatırladan Stanistreet son hücumun ölkədəki iranlı jurnalistlərə mənfi təsir göstərəcəyini deyib.

“The Telegraph” qəzetinin əldə etdiyi məlumata görə, saat 15.30 radələrində Zeraati evindən çıxarkən şübhəli şəxs ona yaxınlaşıb.

Həmin şəxs Zeraati ilə danışmaq istəyərkən ikinci şübhəli şəxs arxadan yaxınlaşaraq Zeraatiyə bir neçə bıçaq zərbəsi endirib.

İki şübhəli yaxınlıqda gözləyən taksiyə minib uzaqlaşarkən, taksi sürücüsünün üçüncü şübhəli olduğu düşünülür.

London Polisi hələlik heç kimin həbs edilmədiyini bildirsə də, daxili kəşfiyyat xidməti MI5 də məlumatlandırıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu