Venesuelada prezident seçkiləri iyulun 28-də keçiriləcək
Cənubi Amerika ölkəsi Venesuelada iyulun 28-də prezident seçkilərinin keçiriləcəyi açıqlanıb.
Venesuela Milli Seçki Şurasının (CNE) prezidenti Elvis Amoroso keçirdiyi mətbuat konfransında yekdilliklə prezident seçkilərinin iyulun 28-də keçirilməsinə qərar verdiklərini açıqlayıb.
Namizədlik üçün müraciətlərin 21-25 mart tarixləri arasında edilə biləcəyini bildirən Amoroso, seçki kampaniyasının 4-25 iyul tarixləri arasında aparılacağını bildirib.
Rəsmi olaraq açıqlanmasa da, hakim partiyanın namizədinin hazırkı prezident Nikolas Maduro olacağı dəqiqdir.
Müxalifətin namizədinin yaxın günlərdə keçiriləcək ittifaq danışıqlarından sonra müəyyənləşəcəyi gözlənilir.