“Qarabağ”ın “Qəbələ” ilə oyunu təxirə salınmalıdırmı? - RƏYLƏR


“Qarabağ” futbol komandasının Portuqaliyanın “Braqa” komandasını məğlub edərək , Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması ölkədə, bir növ, futbol bayramı yaşatdı. Püşkatmanın nəticələrinə görə, növbəti mərhələdə komandamız Almaniyanın “Bayern” klubu ilə qarşılaşacaq. İlk oyun martın 7-də Bakıda baş tutacaq. Belə bir məqamda “Qarabağ” komandası ölkə çempionatı daxilində fevralın 28-də keçirilməsi nəzərdə tutulan “Qəbələ” ilə oyunun təxirə salınmasını xahiş edib. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov bildirib.


“Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, “Qəbələ” ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi” – deyə baş məşqçi bildirib.
Bu məsələ ictimaiyyətin müzakirəsinə səbəb olub. Əsasən sosial şəbəkələrdə futbol azarkeşləri fikir bildirirlər. Oyunun təxirə salınmasını istəyənlərin fikrincə, bu, məhz oyunçuları qorumaq üçün vacibdir. Jurnalist Elşad Paşasoy yazır ki, Qurban Qurbvanov jurnalistlərin suallarına cavabında açıq-aydın istəyini ifadə edib: “Bildirib ki, qarşıdakı çox mühüm, Azərbaycan üçün vacib oyun qabağı – “Bayer”lə qarşılaşma ərəfəsində oyunçuları bir az dincəlmək istəyir. "Qəbələ" və "Neftçi" ilə oyunların qrafikinə dəyişiklik etmək çoxmu çətindir? Məncə, onun səsi eşidilməlidir ki, sonra "kaş ki..." deməyək. "Qarabağ"ın hansısa oyunçusu qarşıdakı çempionatda zədələnsə, yaxud yorğunluqdan "Bayer"lə qarşılaşmadan "sağ" çıxmasa, bunun kimə faydası var?”
Bəs futbol biliciləri bu məsələdə necə düşünür: Fevralın 28-nə planlaşdırılan “Qəbələ”-“Qarabağ” oyun təxirə salınmalıdırmı?
“Qol.az” saytının baş redaktoru Aydın Bağırov AFN.az-a açıqlamasında bildirdi ki, “Qarabağ”ın Avropa səviyyəli yarışlarda gəlib bu mərhələyə çatması böyük nailiyyətdir: “Amma bu, o demək deyil ki, hər dəqiqə oyun təxirə salınmalıdır. Peşəkar Futbol Liqasını da başa düşmək olar ki, hər dəfə təqvimdən kənarlaşmaq asan məsələ deyil. Hələ ki, vaxt var. Bəlkə klublar qarşılıqlı razılaşma əsasında belə bir addıma gedərlər. Mən düşünmürəm ki, bu oyunun təxirə salınıb-salınmaması “Qarabağ”-“Bayer” oyununun nəticəsinə elə bir təsir edəcək”.
A.Bağırov yeri gəlmişkən, qeyd edilən oyunla bağlı gözləntilərini də açıqladı: “Son “Braqa” oyunundan sonra “Qarabağ”a olan inam, ümid daha da çoxalıb. Qurban Qurbanov da çox inamlı açıqlamalar verib. Komanda artıq rəqibə baxmır, psixoloji gərginlik yoxdur. Amma hər bir halda ağır rəqibdir. Avropada 33 oyun oynayıb, hamısını da udub. Bir az möhkəm dursalar, məncə yaxşı nəticə əldə etmək olar”.
“Qarabağ” komandasının tanınmış azarkeşlərindən olan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə hesab edir ki, “Qəbələ” ilə oyun təxirə salınmalıdır: “İndi “Qarabağ”ın avroliqada oyunları daha vacib, daha əhəmiyyətlidir. Bu mənada əgər Qurban Qurbanovun belə bir arzusu varsa, fikrimcə, bunu nəzərə almalıdırlar, “Qəbələ” ilə oyunu təxirə salmaq mümkündür. Tamaşaçıların münasibətindən də görünür ki, Azərbaycanda futbola marağın artmasında “Qarabağ”ın, onun avroliqalardakı oyunlarının təsiri böyükdür. “Braqa” ilə oyunda stadion tam dolu idi, amma “Sumqayıt”la oynayanda çox az insan var idi. Ona görə də bu məqamda əlbəttə ki, biz ciddi, əhəmiyyətli oyunöncəsi “Qarabağ”ın bu istəyini nəzərə almalıyıq”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu