ABŞ qlobal LNG bazarında lider oldu
ABŞ mayeləşdirilmiş təbii qaz (LNG) ticarətindəki payını 2016-cı ildəki 1 faizdən 2023-cü ilin sonuna qədər 21 faizə yüksəldərək ən böyük LNG ixrac edən ölkə oldu.
AA müxbirinin Beynəlxalq Təbii Qaz İnformasiya Mərkəzindən (CEDIGAZ) əldə etdiyi məlumatlara görə, qlobal LNG tədarükü keçən il əvvəlki ilə nisbətən 2 faiz artaraq 395 milyon tona çatıb.
2015-ci ildə qlobal LNG bazarında iştirak etməyən ABŞ-ın 2016-cı ildə 1 faiz, 2017-ci ildə 5 faiz, 2018-ci ildə 7 faiz, 2019-cu ildə 10 faiz, 2020-ci ildə 13 faiz, 2021-ci ildə 18 faiz, 2022-ci ildə 20 faiz paya sahib olub. Ötən ilin sonunda ABŞ qlobal LNG ixracatında 21 faiz payla lider ölkəyə çevrilib.
ABŞ 2023-cü ildə qlobal bazarlara 84,3 milyon ton LNG ixrac edib. ABŞ-ı 78,9 milyon tonla Avstraliya və 78,5 milyon tonla Qətər izləyib.
CEDIGAZ məlumatlarına görə, ABŞ təkcə 2023-cü ildə deyil, həm də son 5 ildə qlobal LNG tədarükünün ən böyük hərəkətverici qüvvəsi olub.
Digər tərəfdən ABŞ-dan başqa digər ölkələrin ümumi tədarükü 2019-cu ildən 2023-cü ilə qədər sabit qaldığı müşahidə edilib.
Qeyd olunur ki, ABŞ ixracatındakı artıma 2022-ci ilin iyun ayından yanğın səbəbindən bağlanan Freeport LNG qurğusunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi böyük təsir göstərib.