Bakı Beynəlxalq Avtovağzalında qanunsuz sərnişin daşınmasına ETİRAZ - AÇIQLAMA


İctimai fəal Elyar İslamoğlu Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə bağlı tənqidi fikirlər səsləndirib.


AFN.az xəbər verir ki, o, sosial şəbəkə hesabında adıçəkilən avtovağzalda müşahidə etdiyi neqativlər haqda yazıb: "1414 qaynar xəttinə zəng edib Bərdəyə biletlərin qiymətini soruşdum. Öncədən alanda 9 manat 80 qəpik, həmin gün alanda 9 manat 20 qəpik imiş. Əvvəlcədən bilet alanlara komissiya haqqı əlavə edilirmiş. Bayramlarda, xüsusi günlərdə sərnişin sıxlığının olmaması üçün gedişlər əvvəlcədən planlaşdırılmalıdır. Sizsə, öncədən bilet alanlardan komissiya haqqı da tutursunuz.
Naxçıvana təyyarə biletini 1 ay öncədən alsaq da heç vaxt komissiya haqqı əlavə edilmir. 60 qəpik böyük pul deyil, amma əvvəlcədən bilet alanlara qarşı doğru hərəkət də deyil. Ümid edirəm ki, məlumat bürosu yanlış məlumatlandırdı".
E.İslamoğlunun qaldırdığı digər problem bilet satılmadan avtobusların sərnişin daşıması ilə bağlıdır. "Avtobusun ödənişi sərnişinlərə bilet verilmədən, avtobusun içindəcə nağd yığılır. Beləcə bu pullar kiminsə cibinə axışır. Deməli, burda əsas məqsəd qanuni bilet satışını çətinləşdirib pulun əldən-ələ, ordan da ciblərə ötürülməsidir. Dünən Lənkərandan gələndə yalnız mən tələb edib bilet yazdırdım. Qalan bütün sərnişinlərdən avtobusun içindəcə ödənişi bilet verilmədən nəğd yığdılar. Lənkərana gedişdə də bu vəziyyəti müşahidə etmişdim. İşinizi doğru qurun. Büdcəyə xəyanət etməyin" - deyə o qeyd edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Qurumdan bildirildi ki, müvafiq qaydalara əsasən, avtovağzalların komisyon almaq icazəsi var: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 141 saylı Qərarına əsasən, avtovağzallar qabaqcadan bilet satışı ilə bağlı komisyon muzd ala bilər. Hər bir avtovağzal bu məbləği fərqli formada tətbiq edir.
Qeyd edək ki, bilet satışı həyata keçirdikdə, satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizi avtovağzalın hesabına keçir. Əvvəlcədən satışa görə komisyon muzd biletin səfər günü aldıqda tətbiq edilmir. Bu, sözügedən qanunda təsbit olunub".
Biletsiz sərnişindaşıma məsələsinə gəldikdə isə qurumun açıqlamasında qeyd edilib ki, AYNA-nın göstərdiyi xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadədədir: "Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Portalda 43 şəhər və rayona, 66 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 127, nəqliyyat vasitələrinin sayı isə 289-dur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu