“Avrasiya hospital"ı və “New Med” klinikası Agentliyə niyə rüşvət verib? – Şok faktlar


Ləğv edilmiş "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qurumun məsləhətçisi Hikmət Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamdan məlum olur ki, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və bu şöbənin məsləhətçisi Hikmət Vəlizadə bu ittihamla həbs edilib.

İttihama görə, "Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib.

Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat pul istəyib, son nəticədə 5 min alınıb.

Bundan sonra həmin küçədə "qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb, avtomobillər üçün hərəkət birtərəfli olub.
"New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.

İstintaq sənədlərinə görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib – 8 min manat istənilib, amma 6 min 500 manat alınıb.

İttihamda yazılıb ki, Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan şirkətlərdən birinin rəhbərindən də rüşvət tələb ediblər. Lakin o, pul verməyə razılaşmadığına görə BNA-dan "parklanmanın təşkilinə icazə verilmir” məktubu gəlib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar məhkəmənin hazırkı mərhələsində ətraflı ifadə vermək istəməyiblər. Vəkilləri isə deyib ki, təqsirləndirilən şəxslər şahidlərin dindirilməsindən sonra danışmaq istəyirlər. Amma hakim bunu qəbul etməyib. Qeyd edib ki, proses təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam edəcək.

Növbəti proses yanvarın 30-da davam edəcək.

Qeyd edək ki, "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Prezident İlham Əliyevin fərmanıyla Nazirlər Kabineti yanında yaradılıb.

Daha bir fərman əsasında Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Prezidentinin 19 aprel 2023-cü ildə imzaladığı növbəti fərmanla isə ümumiyyətlə ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

Qlobal.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu