"Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində ittiham aktı elan edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edib. İttihama görə, "Yeni Klinika"nın sabiq direktoru Pərviz Abbasov vəzifəsinin icrasına başladıqdan sonra COVID-19 virusuna yoluxan xəstələrin yaxınlarından tibb müəssisəsində müalicə olunmaq üçün rüşvət qismində pul alıb.
Qeyd olunub ki, klinikanın rəhbəri Pərviz Abbasov “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov, “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyev ilə əlbir olaraq xəstə yaxınlarından 3000-4500 manat məbləğində pul vəsaitini virusa yoluxan şəxslərin müalicəsi adı ilə alaraq şəxsi ehtiyacları üçün sərf edib.
İş üzrə toplanmış materiallara uyğun olaraq sübutlar əsasında Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə), digərlərinə 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Təqsirləndirilən şəxslərdən Pərviz Abbasov, Vüsalə Əliyeva və Samir Mirzəyev isə özlərini təqsirli bilməyiblər. Əvəz Hüseynov və Qalib Nəcəfov özlərini qismən təqsirli bildiklərini deyiblər.
Növbəti proses avqustun 17-ə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə iş üzrə təqsirləndirilən şəxslər - Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində olma qətimkan tədbiri dəyişdirilib və barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib. Vüsalə Əliyeva barəsindəki polis nəzarətində olma qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.