“Qurtuluş 93”ün sahibinin “Land Rover”lə dörd nəfəri öldürən kürəkəni yenidən hakim qarşısında


Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 9-na təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, cinayət materiallarında göstərilib ki, 14 iyun 2021-ci il tarixində saat 00:20 radələrində Binəqədi-Novxanı yolunda təqsirləndirilən şəxsin 90 km/saat sürətlə idarə etdiyi “Land Rover” markalı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər. Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda yüngül dərəcəli sərxoşluq aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixində dostları ilə Sumqayıt şəhərində yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona zəng edərək hərarətinin qalxdığını deyib:

“Oğluma evə gəldiyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğumdan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar yolu qaçaraq keçmək istədilər. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Deawo Damas” markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım”.
O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil: “Həmin günü də orada içki qəbul etməmişdim”.

Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb.

Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Land Rover” markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub. Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanununun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Ali Məhkəmənin qərarına əsasən isə, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Qərara əsasən, Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib. Hökmdən narazı qalan prokurorluq kassasiya protesti verib.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu