Hindistan HDQ ticarət gəmisinə hücumdan sonra gəmilərini Ərəbistan dənizində yerləşdirəcək
Hindistan Hərbi Dəniz Qüvvələri bir ticarət gəmisinə pilotsuz təyyarənin hücumundan sonra Ərəb dənizinə üç döyüş gəmisi yerləşdirəcək.
Bu barədə donanma sözçüsü bildirib.
“Ərəb dənizində son zamanlar baş verən hücumları nəzərə alaraq, Hindistan Hərbi Dəniz Qüvvələri çəkindirmə qabiliyyətini qorumaq üçün Mormuqao, Koçi və Kolkata idarəolunan raket esmineslərini müxtəlif ərazilərdə yerləşdirib”.
O qeyd edib ki, əməliyyatda P8I uzaqmənzilli dəniz kəşfiyyatı təyyarələri iştirak edəcək.
"Qərb Dəniz Qüvvələri Komandanlığının Dəniz Əməliyyatları Mərkəzi Sahil Mühafizəsi və bütün aidiyyatı qurumlarla sıx koordinasiyada vəziyyəti fəal şəkildə izləyir", - Hərbi Dəniz Qüvvələrinin sözçüsü əlavə edib.
Həftə sonu Böyük Britaniyanın Dəniz Ticarət İdarəsi bildirib ki, pilotsuz təyyarə zərbəsi Hindistan sahillərində ticarət gəmisinə ziyan vurub və insident nəticəsində ölən olmayıb. 20 hindlidən ibarət ekipajı olan "Chem Pluto" xam neft daşıyıcısı vurulub. Daha sonra Pentaqon bəyan edib ki, gəmiyə hücum edən pilotsuz uçuş aparatı İrandan buraxılıb.