Qadına baxıb həyat yoldaşının xanımına münasibətdə necə bir bəy olduğunu demək olar – Gülzar Quliyeva
Fitnes Azərbaycanda geniş yayılmış idman növüdür. Bədənə forma verən bu idman növü daha çox gənc və orta nəsil üçün cəlbedicidir. Ölkədə bir çox fitness klubları və fitnes mütəxəssisləri fəaliyyət göstərir. Bu mütəxəssislərdən biri də Gülzar Quliyevadır. AFN.az-a müsahibəsində Gülzar xanım fitneslə bağlı bir sıra sualları cavablandırdı.
- Gülzar xanım, oxuculara özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Quliyeva Gülzar, 27 yaşım var. 12 yaşımdan peşəkar idmandayam. İlk məşğul olduğum idman növü basketbol olub. Sonra həndbol, ardıyca isə peşəkar sərbəst güləşlə məşğul olmağa başlamışam. Lakin valideynlərim məni bu idman növündən uzaqlaşdırmaq qərarına gəldilər və hədəflərimə çatmağa məhdudiyyət yaratdılar. Bir müddət sonra təkrar həndbola qayıtdım. Orada yaxşı yoldaşlarla yanaşı, Azərbaycanın əməkdar məşqçisi Vladimir Afanaseviçlə tanış oldum. Bir müddət sonra apatiya və depressiv vəziyyətdə idmandan getsəm də, idmanı tam tərk etmədim. Çünki idmanı hiss edən, buna həvəsi olan birinə məşqlərdən uzaq qalmaq çətin olur. Bir idmançı döyüş həyəcanını hiss edirsə, sonradan kənarda qala bilmir. Ona görə də fitneslə məşğul olmağa başladım. İdman sahəsində kifayət qədər nailiyyətlərim var. Özümü əminliklə idman ustasına namizəd adlandıra bilərəm.
- Bəs necə oldu ki, fitnesə gəldiniz?
- Mənim fitnesə gəlməyimdə yaxın dostumun böyük rolu var. O məni ilhamlandırdı. Qeyd edim ki, həmin dostum elə öz məşqçim idi. Necə deyərlər - müəllimlərin də öz müəllimləri var (gülür). Müəyyən müddət məşqdən sonra “Fitnes-Bikini” Azərbaycan yarışmasında iştirak etmək qərarına gəldim və ilk dəfə “Fitnes-Bikini” üzrə finalçı oldum.
- Gülzar xanım, neçə müddətdir fitneslə məşğul olursunuz? Ümumiyyətlə, fitneslə məşğul olmağa başladıqdan sonra özünüzdə hansı dəyişiklikləri hiss etdiniz?
- Hər zaman idman sahəsində olan biriyəm və fitneslə məşğul olmuşam. Qidalanmama ciddi şəkildə nəzarət edirəm. Bədənimin və orqanizmimin nəyə, nə vaxt və necə reaksiya verdiyinə diqqət yetirirəm. Bir sözlə, rejimlə qidalanıram.
- Gün ərzində nə yeyirsiniz, neçə saat yatırsınız? Rejiminiz haqqında biraz məlumat verərdiniz.
- Həmişə ac qarına ilıq su içirəm və mümkün qədər suya bir dilim limon əlavə edirəm. Çörək, sous, qazlı içkilər, yarımfabrikat qidalar və şəkərdən istifadə etmirəm. Şirniyyat əvəzi şəkərotu və baldan istifadə edirəm. Hər kəsə özümün yaşadığım 80/20 prinsipini məsləhət görürəm. Xanımlara peşəkar idmançı olmadıqları təqdirdə özlərini pəhrizlə tükətmələrini məsləhət görmürəm. Çünki pəhriz saxlayan zaman əsəblər gərilir. Bu da zamanla sosial mühitdə hiss olunacaq dəyişikliklərə gətirib çıxarır. Biz xanımlara 8-11 saat yuxu yatmaq mütləqdir. Düzgün yuxu rejimi hormonal disbalansın qarşısını alaraq gözəlliyimizi və gəncliyimizi qoruyur. Təəssüf ki, bəzən mən özüm də yuxu rejimimə əməl etmirəm.
- Fitneslə məşğul olan xanımlara nə məsləhət görərdiniz?
- Bayağı səslənə bilər, amma xanımlara məsləhət görərdim ki, özlərini sevsinlər, dəyər versinlər. Başqalarına qarşı eqoist olsunlar demirəm. Bütün digər gündəlik qayğılardan əlavə çalışıb özlərinə də zaman ayırsınlar. Oxucularımız bəlkə də məsləhət verməyin asan olduğunu deyəcəklər, amma qadın istəsə, hər şey edə bilər. Bunu müxtəlif çətinliklər görmüş bir qadın olaraq əminliklə deyirəm. Gözəlliyinizə və sağlamlığınıza vaxt ayırın. Hər kəs bilir ki, idmanla məşğul olmaq beynimizin fəaliyyətini artıran hormon istehsal edir. Teatrları ziyarət edin, kitablar oxuyun, yeni şeylər öyrənin, ağıllı müzakirələrin olduğu və səmimi sözlərin danışıldığı qadınların görüşlərində iştirak edin. Bir hobbiləri olsun, nəticə olmasa belə, məşqdən yayınmasınlar. Hər zaman məşq etsinlər və sağlıqlı qidalanmaya riayət etsinlər.
- Bəylərə nə demək istərdiniz bəs?
- Onlara demək istərdim ki, xanımlarınızın istirahət etməsi üçün onlara zaman və imkan verin. Hətta onlar müxtəlif səbəblərdən bunu istəməsə belə. Məsələn, xanımınıza idman zalına gəlməsi üçün kupon hədiyyə edin. Qadına baxan zaman onun həyat yoldaşının xanımına münasibətdə necə bir bəy olduğunu demək olar.
- Sizin üçün fitnes idman növüdür, yoxsa həyat tərzi?
- Peşəkar idmanın sağlamlıq olmaması sirr deyil, peşəkar idmançı olmaq çox çətindir. Amma fitness həyat tərzinə çevrilə bilər və çevrilməlidir də.
- Sağlamlığında problem olan kəslər fitneslə məşğul ola bilərmi?
-Təbii ki, davamlı və tam şəkildə idmanla məşğul olmaq istəyən hər kəs müayinə olunmalı və hər hansı ciddi xəstəliyin olub-olmaması müəyyən olunmalıdır. Əgər həkim ciddi bir xəstəlik diaqnozu qoymayıbsa, demək ki, heç bir problem yoxdur. İndi müxtəlif sağlamlıq məşqləri mövcuddur. Əsas odur düzgün təyinat və həvəs olsun.
- Sizcə, bizdə yaxşı fitnes mütəxəssisləri varmı?
- Təbii ki, bizdə öz sahəsində peşəkarlar, böyük təcrübəsi olan insanlar mövcuddur. Şəxsən tanıdığım insanlar var ki, təcrübəli təlimçi kimi məsləhət istəyən zaman peşəkarlıqla izah edib nə etməli olduğunu söyləyirlər.
- Valideynlərə nə demək istərdiniz?
- Hörmətli valideynlər, övladınızı dinləyin, hansı idman növünə marağı olduğunu öyrənin, onlara bu yolda dəstək olun. İdmanla məşğul olmaq onların həm fiziki, həm psixoloji sağlamlıqlarına müsbət təsir edər.
FƏRİDƏ