Azərbaycanda balıq kəskin bahalaşacaq - AÇIQLAMA


Son dövrlər iqlim dəyişikliyi balıqçılıq təsərrüfatına da mənfi təsirlər göstərib. Ölkəmizdə balıq satışının əvvəlki illərə nisbətən xeyli azaldığı, qiymətlərin isə artdığı müşahidə olunur. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-noyabr aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb. Hesabat dövründə ölkəyə dəyəri 35,5 milyon dollar dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon dollar çoxdur. Görünən odur ki, daxili tələbatın ödənməsi üçün balıq idxalı gücləndirilib. Ekspertlər isə bunun qiymət artımına gətirib çıxardığını düşünür.


"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda balıq məhsullarının qiyməti kəskin artacaq.

Onun sözlərinə görə, təbii su hövzələrində balıq ehtiyatlarının azalması təbii kürüləmə yerlərinin məhdud olması ilə bağlıdır.

Z.Salmanlı təəssüflə bildirib ki, bu il "Azərsu" tərəfindən Kür çayının mənsəbində inşa olunmuş bənd hidrotexniki qaydalara və balıqçılıq tələblərinə cavab vermədiyi üçün ehtiyatlar daha da tükənir. O, ümumiyyətlə, Kür çayında balıqların kürüləmə yerlərinin məhv olduğunu söyləyib:

"Bundan başqa, 1954-cü ildə Mingəçevir su anbarının tikilməsindən sonra Azərbaycanda yaradılmış 11 balıqartıma müəssisəsindən bu gün cəmisi 1-2-si fəaliyyətini davam etdirir. Əfsuslar olsun ki, digərlərinin fəaliyyətləri ya dayandırılıb, ya da özəlləşdirilib. Hesab edirəm ki, təkcə qarşıdan gələn bayram ərəfəsində deyil, həm də bayramdan sonra balıq məhsullarının qiymətində kəskin artım olacaq. Çünki Azərbaycanda, demək olar ki, daxildə balıq istehsalı yox səviyyəsindədir".

"Ölkədə balıq istehlakı 80%-dan çox idxaldan asılıdır. Azərbaycana balıq, əsasən, Rusiya, İran və Türkiyədən idxal olunur. Həmçinin idxal xərclərində də artımın olması, sözsüz ki, bu məhsulun qiymətinin getdikcə daha da artacağını deməyə əsas verir", - Z.Salmanlı əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu