Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna moratorium qüvvəyə minir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.