2-ci Üzüm və Şərab Festivalına minlərlə ziyarətçi gəlib - FOTOLAR


25-26 noyabr tarixlərində keçirilən 2-ci Üzüm və Şərab Festivalı geniş ziyarətçi axını ilə müşayiət olunub.


AFN.az xəbər verir ki, Bakıdan və Azərbaycanın bölgələrindən gələn insanların böyük maraqla iştirak etdiyi festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb. Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.

Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva AFN.az-a açıqlamasında bildirib ki, ilk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir. Onun sözlərinə görə, budəfəki festifalda 2 gün ərzində 2 min nəfərdən çox insan iştirakçı olaraq qeydiyyatdan keçib. Bunların arasında Azərbaycanda yaşayan əcnəbilər və həmin günlərdə ölkəmizə təşrif buyuran turistlər də olub.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli süfrə şərablarının təqdimatı da baş tutub. Gülnar Mustafayeva bildirib ki, sovet dönəmində Xındoqnının üzüm bağları respublikada becərilən üzüm bağlarının 4-də birini təşkil edib. Qarabağda becərilən üzümlərin isə 85-90 faizi isə məhz Xındoqnı bağlarında becərilib: “Uzun illərdən sonra erməni işğalı başa çatdı və bu gün biz ilk dəfə olaraq “Xındoqnı” şərablarını bu festivalda təqdim edə bilirik. Xındoqnı üzüm sortundan çox dadlı və yüksək keyfiyyətli şərablar alınır. Hazırda Tuğda yerləşən şərab zavodunun fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində işlər aparılır”.
Qeyd edək ki, hazırda ölkəmizdə yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları da yetişdirilir. Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçılığın da inkişafına təkan verib.
Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, şərabçılıq turizminin inkişaf etdirilməsi və şərabçılıq turizm marşrutlarının yaradılması üzrə tanıtım və təbliğat tədbirləri həyata keçirilir. Agentlik tərəfindən bu cür tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi məqam diqqət mərkəzində saxlanılır.

Fəxriyyə ABDULLAYEVA





















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu