ABŞ-nin Suriyadakı bazaları atəşə tutuldu - ölənlər var
ABŞ-nin Suriyanın şərqində və şimal-şərqindəki hərbi bazaları atəşə tutulub.
AFN.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində amerikalı hərbçilər arasında ölənlər olub.
Məlumata görə, ABŞ-nin Deyr-əz-Zor vilayətində Koniko qaz yatağı yaxınlığında yerləşən hərbi bazasına 15 raket atılıb. Əsas olaraq hərbi qərargah və anbarlar hədəf alınıb. 10 helikopterin yaralı amerikalıları İraqda hərbi hospitala apardığı bildirilir.
ABŞ-nin "Əş-Şaddadi" bazasına isə 3 pilotsuz uçuş aparatı ilə hücum edilib. Hücumlara görə məsuliyyəti "İraqın İslam müqaviməti" qruplaşması öz üzərinə götürüb.
Həlak olanların və yaralıların dəqiq sayı açıqlanmayıb.
Hərbi bazlara hücumun ABŞ-nin Suriyanın şərqindəki obyektlərə zərbələrinə cavab olduğu qeyd olunub. Belə ki, Pentaqon sözügedən obyektlərin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranyönümlü qruplaşmalar tərəfindən istifadə olunduğu iddia edib.