İstefa verən Azər Zeynalov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov istefa verib.
Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulub. 1977-1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil alıb, 1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.
Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışıb.
Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri olub. O, 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsini tutub.
Azər Zeynalov 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən deputat mandatı qazanıb, Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisin sədri Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib. Yeni sədr seçilənədək sədr vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdi.
Azər Zeynalov 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Azər Zeynalov 2003-cü ilin sentyabr ayında dövlət qulluğunun baş müşaviri dərəcəsini alıb. O, 22 iyun 2010-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 974 nömrəli sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. (Qaynarinfo)