Çində "itkinlər" artır: Bu dəfə "Evergrande"ın patronundan xəbər yoxdur
Dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti olan "Evergrande"nin patronundan xəbər yoxdur.
"Bloomberg" çinli patron Hui Ka Yanın evindən polis tərəfindən saxlanıldığını iddia edib. Onsuz da böhran içində olan şirkətin səhmləri bu xəbərlə 15 faizə yaxın dəyər itirib.
Çində son iki ayda xarici işlər və müdafiə nazirləri "yoxa çıxıb". Bu dəfə isə "Evergrande" daşınmaz əmlak şirkətinin rəhbərindən xəbər olmadığı bildirilir.
"Bloomberg"in məlumatına görə, bu ayın əvvəlində Çin polisi tərəfindən saxlanılan Hui naməlum yerə aparılıb.
"Evergrande" təxminən 330 milyard dollarla dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkətidir. Şirkətin borc öhdəliyi Çinin ümumi daxili məhsulunun təxminən 2 faizini təşkil edir.
Pekin administrasiyası şirkətin müflis olmasının ölkə iqtisadiyyatında böhrana səbəb olacağından narahatdır. Bundan əlavə, şirkət qurbanlarının tez-tez etirazları ölkədəki "sosial sülhü" təhlükə altına qoyur.