Liviyanın şərqində daşqınlar nəticəsində 2 nəfər ölüb
Liviya Milli Birlik Hökuməti ölkənin şərqində müxtəlif bölgələrdə baş verən sel fəlakəti nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu barədə hökumət sözçüsü Muhammed Hamude ölkədə yayımlanan "Liviya əl-Əhrar" televiziyasına açıqlama verib.
Sel fəlakətində ölkənin şərq bölgəsində 2 nəfərin həyatını itirdiyini bildirən Hamude, ölümlərin baş verdiyi şəhərlər haqqında məlumat verməyib.
Hamude bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki "Sahil Cebel əl-Ahdar" və "Tukra"dır.
Baş nazir Əbdülhəmid Dibeybe də müxtəlif xidmət şirkətlərinə və təhlükəsizlik qurumlarına sel fəlakəti ilə əlaqədar müvafiq orqanlara lazımi dəstəyi göstərmək üçün öz qruplarını şərq bölgəsinə göndərmələri barədə göstəriş verib.
Liviyanın şərqindəki səlahiyyətlilər, Mərkəzi Aralıq dənizində təsirli olan "Daniel" fırtınası səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər görüb.
Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merac, Susa və Derna şəhərlərinə də təsir edib.