Sudandakı münaqişə nəticəsində 4,3 milyondan çox insan didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda 4,3 milyondan çox insanın məcburi köçkünə çevrildiyini açıqlayıb.
Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler həftəlik hesabatda Sudan ordusu ilə hökumətin üsyançı elan etdiyi paramiliter Sürətli Dəstək Qüvvələri (HDK) arasında 15 apreldən bəri davam edən vətəndaş müharibəsi ilə bağlı statistikanı aıqlayıb.
"Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın və sığınacaq axtaran, Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı daxildir", - Spindler bildirib. O, qeyd edib ki, Sudanda qarşıdurmalar başlayandan bəri 3,2 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris Sudandakı münaqişələrin insanların həyatı və sağlamlığına təsir göstərdiyinə diqqət çəkib: "Münaqişənin ən çox zərər çəkdiyi ərazilərdəki xəstəxanaların təxminən 67 faizi xidmət pöstərə bilmir. ÜST bu 4 aylıq münaqişədə sağlamlıq mərkəzlərinə 53 hücumu təsdiqləyib. Bu hücumlar 11 nəfərin ölümü, 38 nəfərin yaralanması və on minlərlə insanın tibbi xidmətdən məhrum edilməsi ilə nəticələnib".
Ölkədə davam edən qızılca, malyariya və dang qızdırması kimi epidemiyaların idarə edilməsinin çətinləşdiyini vurğulayan Harris, əhalinin 40 faizdən çoxunun aclıqla üzləşdiyini qeyd edib.