İsveç Polşada logistika və texniki xidmət mərkəzləri yaradacaq
İsveç hakimiyyəti Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Paketdə 60 isveçli hərbçinin "Ukrayna yaxınlığında", xüsusən də Polşada Kiyevə, İsveçə təhvil verilən avadanlıqlar üçün logistika və xidmət mərkəzlərinin yaradılmasında iştirakı nəzərdə tutulub.
AFN.az xəbər verir ki, bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.
“Hökumət silahlı qüvvələrin 60-a qədər üzvünə Ukrayna yaxınlığında, xüsusən də Polşada logistika və avadanlıqlara texniki xidmət mərkəzlərinin yaradılmasında iştirak etməyə icazə verib”, - nəşr yazır.
Qəzetin yazdığına görə, bu mərkəzlərdə İsveç hərbi texnikalara təmir və texniki xidmət göstərəcək. Nəşr qeyd edir ki, İsveç daha əvvəl 50 ədəd "Strf 90" piyada döyüş maşını, "Leopard" tankları, "Archer" artilleriya qurğuları və "RBS 70" hava hücumundan müdafiə sistemlərini təhvil verib. Tankların dəqiq sayı barədə məlumat verilmir.
"Əlbəttə, göndərdiyimiz müdafiə avadanlığının da istifadə oluna bilməsi və operativ effekt əldə etməsi vacibdir", - İsveçin müdafiə naziri Paul Jonsson bildirib.